Fevralın 10-u dünya şöhrətli  ziyalı alim, Azərbaycanda barmaqla sayılacaq aydın insan Rafiq Əliyevin doğum günüdür

Rafiq Əliyev 10 fevral 1942-ci ildə Azərbaycanın Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil almış, məktəbi medalla bitirmişdir. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 1976-cı ildən professordur. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.
Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.

Mükafatları

1971 — Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı

1983 — Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı

1992 — Təbriz Universitetinin (İran) professoru

1999 — Corciya Dövlət Universitetinin (ABŞ) professoru

2000 — Zigen Universitetinin (Almaniya) professoru

2003 — Yakın Doğu Üniversitesinin (ŞKTR) professoru

Əsas elmi nailiyyətləri

Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;

İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);

Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976);

Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);

AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986);

Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984)

Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986);

ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987);

Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993);

Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);

Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);

Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);

Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001);

Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002;

Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə — Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.

Seçilmiş əsərləri

Əliyev R.Ə. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 səh.(Azərbaycan dilində).

Алиев Р.А. Методы интеграции в системах управления производством. Moskva: Energoatomizdat, 1989, 271 s.

Aliev R.A., Aliev F.T., and Babaev M.D., Fuzzy Process Control and Knowledge Engineering. Koln: Verlag TUV Rheinland, 1991, p. 148. (İngilis dilində).

Aliev R.A., Bonfig K.W., and Aliev F.T., Soft Computing, Technik Verlag, Berlin, Germany, 2000, p. 448. (Alman dilində).

Aliev R.A., and Aliev R.R., Soft Computing and its Application, World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001. (İngilis dilində).
( məlumatlar vikipetiyadan əldə edilib )
 
Təbrik edirik, dəyərli aydın insan. Allah sizi bu millətə çox görməsin. 100 yaşı sağlam yaşayın.