RUSIYADA YAŞAYAN AZƏRBAYCANLILAR KEMEROVO FACIƏSININ QURBANLARINI YAD EDIB

Anım mərasimi bir dəqiqəlik sükut və fatihə surəsinin oxunması ilə sona yetib
Rusiyada yaşayan azərbaycanlılar Kemerovo qurbanlarının xatirəsini yad ediblər.
İnterAz-ın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyasının bütün regionlarından olan insanlar Kemerovoda baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün xüsusi yaradılmış yerlərə gələrək həlak olanların ailələrinə dəstək nümayiş etdirirlər.

Moskvada Kemerovo vilayətinin nümayəndəliyi qarşısında da yaradılmış xatirə löhvəsi üzərinə moskvalılar gül dəstələri ilə yanaşı, uşaq oyuncaqları da gətirir.

Azərbaycan diasporunun nümayəndələri də faciəvi aksiyada iştirak edib. Nümayəndəlik önünə gələn soydaşlarımız xatirə löhvəsi önünə gül dəstələri qoyublar.

Azərbaycanlılar qarşısında çıxış edən Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah fondunun sədri Şamil Tağıyev, Moskva Vilayəti üzrə Milli Mədəni Müxtariyyətin sədri Elşən İbrahimov, "Azərbaycan” qəzetinin baş redaktoru Oktay Hüseynov Rusiya azərbaycanlılarının bu həzinli gündə həlak olmuşların yaxınları ilə birlikdə kədərləndiklərini qeyd edərək, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib.

Bu faciənin bütün günahkarlarının hüquq müstəvisində cəzalandırılacaqlarına inandıqlarını vurğulayan natiqlər, azərbaycanlıları təxribatlardan çəkinməyə çağırıb.

Anım mərasimi bir dəqiqəlik sükut və fatihə surəsinin oxunması ilə sona yetib.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı” Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.







Mənbə: http://dunya-az.com